Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Türkiyə Yazarlar Birliyi (TYB) Konya şöbəsinin Konya Böyükşəhər, Karatay, Meram və Səlcuqlu bələdiyyələrinin qatqıları ilə düzənlədiyi “Azərbaycan: Qarabağın yeni hekayəsi” adlı onlayn konfransda məruzə ilə çıxış edib.
Asiya.az xəbər verir ki, TYB üzvü, yazar Mustafa Güdənin aparıcısı olduğu və sosial platformlarda canlı yayınlanan konfransda Qarabağın azad edilməsi ilə Türk Dünyasının çox böyük güc əldə etdiyi və Zəngəzur dəhlizinin açılması ilə yeni iqtisadi və siyasi güc qazanacağını söyləyib.
Qənirə Paşayeva Azərbaycan Ordusunun Qarabağ zəfərindən sonra bölgədə yaranan yeni reallıqlardan söz açıb. Azərbaycan-Türkiyə həmrəyliyi ilə əldə edilən zəfəri “Türk dövlətləri bölgədə böyük güc halına gəlib. Necə deyərlər, əfsanə geri döndü” şəklində ümumiləşdirən xanım Paşayeva, qardaş ölkənin ünvanına təşəkkür edərək, önəmli təsbitlərdə bulunub: “Türk dünyasının mənəvi paytaxtlarından olan gözəl Konyamıza Azərbaycandan salam və sevgilərimizi göndərirəm. Konya hz. Şəms və hz. Mövlanə ilə, ortaq tariximiz Səlcuqlular ilə və öz mənəvi iqlimi ilə Türk tarixində önəmli yeri olan bir şəhrimizdir. Konyada bir neçə dəfə olmuşam və hər səfərimdən bəxtiyarlıq duymuşam. Duyğu və düşüncələrimi qələmə almışam və inşallah “Addım-addım Türkiyə” çoxcildliyində yenidən çap ediləcək. O yazım, Konyaya olan məhəbbətimin bir ifadəsidir. İnşallah bu “Covid19” infeksiyasının bitdiyi zaman həm Konyada, həm də Azərbaycan şəhərlərində birlikdə gözəl tədbirlər keçirəcəyik.
Azərbaycanımızın 44 günlük Vətən Müharibəsində, uzun illər işğalçı Ermənistanın işğalında olan torpaqlarımızın qurtarılmasında bizim yanımızda olan qardaş Türkiyəmizə, dünyanın dörd bir yanından Azərbaycanın, ədalətin, haqqın yanında olan hər kəsə təşəkkür edirəm. Türkiyənin bu dəstəyi çox önəmliydi. Çünkü biz işğal altında olan torpaqlarımızı itirdiyimiz zaman da, azad etdiyimiz zaman da, işğalçı, terror dövləti Ermənistanın arxasında dünyanın böyük gücləri vardı. O güclər Azərbaycana çox ciddi basqılar etdi; amma Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev açıqca “Nə qədər basqı edərsiniz edin, biz geri çəkilməyəcəyik! Xalqımızla, dövlətimizlə birgə bu müharibəmizi sonuna qədər davam etdirəcəyik” deyərək, basqılara qarşı durdu. Xalqımız da, liderimizə “Biz yanınızdayıq. Hər birimiz bir əsgərik!” deyərək birlik və bərabərliyimizi göstərdi. Bu birlik və bərabərlik içərisində torpaqlarımızı işğaldan azad etdik. Şəhidlərimiz və qazilərimiz qəlbimizdə əbədi yaşayacaq!
Bizim Vətən Müharibəsi etdiyimiz o məsuliyyətli günlərdə hansı dövlətin, qurum və quruluşların necə bir mövqe tutduğunu heç bir zaman unutmayacağıq.
Bosniya müsəlmanlarının əfsanəvi lideri, rəhmətlik Aliya İzzətbəyoviçin sözlərini xatırlatmaq istərdim: “Savaşdan öncə dostlar və düşmənlər vardı. Savaş olunca, gördük ki düşmənlər burada – qarşımızdadır, ancaq dostlarımız yanımızda görünmür. Və savaş bitincə hər birimizi üzən düşmənlərimizin etdiklərindən daha çox, qardaşlarımızın, dost bildiklərimizin biganəliyi oldu”...
Türkiyəmiz “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlət” düşüncəsi ilə hərəkət etdi, müdrik kəlamlara uyğun davrandı. Ermənistanın arxalandığı güclər də Türkiyəyə basqı etməyə qalxışaraq, Azərbaycana mənəvi, siyasi dəstəyi dayandırmasını istədilər. Amma Türkiyə geri durmadı.
Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğana, dövlət və hökümət yetkililərinə, qürurumuz Türk Silahlı Qüvvətlərimizə, Azərbaycanımızın yanında olan bütün siyasi partiya, QHT, KİV quruluşlarına, hər kəsə bir daha təşəkkür edirik!
Türkiyənin 44 günlük savaşda Azərbaycanın yanında comərd və ləyaqətli duruşu çox önəmli bir hadisəydi. Türkiyə, Ermənistanı dəstəkləyənlərə çox açıq ismarıclar verdi: “Zatən gizli dəstək verdiyinizi bilirik, əgər müharibə meydanına enərək Ermənistana açıq dəstək verərsəniz, biz də müharibə meydanına girər, Azərbaycanın yanında oluruq”! – Bu çox təsirli, ciddi bir ismarıcdı və savaşın qədərində də çox təsirli oldu.
İşğaldakı torpaqlarını azad edən Azərbaycan daha da gücləndi. Türkiyənin Güney Qafqazda gücü isə daha da artdı. Artıq Türkiyə burada iki böyük aktördən biri oldu. Bunun yanında ən önəmli mövzulardan biri də o oldu ki Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstəyi Türk dövlətlərinin işbirliyinin daha da güclənməsinə böyük ölçüdə təsir göstərdi.
Türkiyənin bu dimdik duruşu hərkəsi təsirləndirdi. Digər Türk dövlətlərindən belə “Türkiyə necə belə dimdik dayandı? Biz bu qədərini gözləmirdik” deyənlər oldu. Bu qədər basqı qarşısında Türkiyənin belə dayanacağını bir çoxları gözləmirdi.
Türkiyənin bizim yanımızda durmasıyla bir daha və parlaq şəkildə görüldü ki gerçəkdən də, birlikdən böyük bir güc doğar. Qardaşlar bir olarsa, yabançı güclərin bizim bölgəmizdə oynamaq istədiyi kirli oyunlar, dinc insanlara üzüntü, acı və gözyaşı gətirən bütün oyunlar pozula bilər. – Bunu hər kəsə göstərmiş olduq.
44 günlük Vətən Müharibəmizdən sonra bölgə dəyişdi, artıq fərqli bir dönəmə başladıq. Zatən bizim dövlətlərimizin yerləşdiyi bölgə çox önəmlidir. Onlar basqı quraraq bizə istədiklərini edə biləcəklərini düşünürdü. Türkiyə və Azərbaycan isə dünyanın böyük güclərinə artıq bu bölgədə istədiklərini edə bilməyəcklərini anlatdı. Bu tarixi bir hünər, böyük bir zəfərdir. İnşallah bundan sonra da zəfərlər olacaq. Artıq bu bölgədə bizdən soruşulmadan, biz razı olmadan bir iş görmək çətin olacaq.
Dünya bizim həm siyasi, həm də hərbi gücümüzü gördü. Bu 44 gündə Türkiyə hərb sənayesinin gücü də göründü. Məsələn, “Bayraqdar” İHA-larının nəyə qadir olduğunu dünya gördü, qəbul etdi. Biz də Azərbaycan hərb sənayesini və ordumuzu çox gücləndirdik. Ermənistanın o işğalçı ordusunu darmadağın etdik. Azərbaycan əsgəri qəhrəmanlıq dastanı yazdı”.
Ermənistan və himayədarları indi də dünyanın hər yerində, hər zaman etdikləri kimi yalanla, böhtanla Azərbaycan və Türkiyə əleyhinə təbliğatlar aparır. Fransa öndə olmaqla bəzi Avropa ölkələri də bu yalanları dünyaya yaymaq üçün əslsiz qərarlar alır. Amma haqq nazilsə də, üzülməz! Biz öz zəfərimizi, birliyimizi qoruyub, gücləndirəcəyik".
Sonda, ətraflı məruzəsi üçün TYB Konya şöbəsi başqanlığı adından Komitə sədrinə təşəkkür edilib.
Kaynak: http://asiya.az/2021/05/26/qenire-pashayeva-turkiye-yazarlarinin-konfransinda-genish-meruze-ile-chixish-edib.html?fbclid=IwAR1eGF0daV0QLHUYJhV5fm5q_wb29oa9KLWXo1cntYbkNWcjN8ldi1119qo